MBH üzvü polislər tərəfindən şərləndiyini deyir
Mahir Əzimova narkotik ittihamı irəli sürülüb
Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov Hüquq-mühafizə orqanlarını ifşa edib.
SəhərAzəri-nin məlumatına əsasən, Yerli hüquq müdafiəçiləri Əzimovun həbsini siyasi motivli hesab edir. İnanclı fəal Polis İdarəsində olduğu dövrdə işgəncələrə məruz qaldığını, ondan Müsəlman Birliyi Hərəkatını tərk etməsinin tələb olunduğunu bildirib. Lakin o, bu tələbə boyun əymədiyi üçün şərləndiyini vurğulayıb.
M.Əzimov ötən ilin iyulunda qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanılır, hazırda məhkəmə prosesi gedir. Onunla bərabər Müsəlman Birliyi Hərəkatının onlarla üzvü həbsdədir. Azərbaycan hökuməti isə ölkədə heç kimin dini inancına və tənqidi görüşlərinə görə həbs olunmadığını iddia edir.