Durumu ağırlaşdıran rüşvətxor məmurlardır
https://azeri.sahartv.ir/news/azərbaycan-i400635-durumu_ağırlaşdıran_rüşvətxor_məmurlardır
Paralel qəzeti Azərbaycan Respublikasında sosial durumun dözülməz həddə çatdığını yazıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2023 14:41 Asia/Baku

Paralel qəzeti Azərbaycan Respublikasında sosial durumun dözülməz həddə çatdığını yazıb

Nəşr yazır: “Hər kəs gözləyirdi ki, prezidentin 5 il bundan əvvəl həyata keçirməyə başladığı struktur və kadr islahatları xalqın sosial durumunu yaxşılaşdıracaq, ölkədə tüğyan edən rüşvət, korrupsiya və digər mənfi hallar aradan qalxacaq. Amma struktur və kadr islahatları xalqın ümidini doğrultmadı və hazırda xalqın durumu çox pisdir”.

Məqalə müəllifinin qənaətincə, ölkədə rüşvət və korrupsiya ilə xalqı çökdürən zümrə çox sürətlə varlanır, ölkənin bütün sərvətləri onlara məxsusdur və özləri də hökm sahibidirlər. Konstitusiya və qanunları sayan, xalqın şikayətinə və ehtiyacına baxan hökumət yoxdur.

Məqalədə qeyd olunur ki, xalqı heçə sayan hökumət Azərbaycanı xalq üçün əsl cəhənnəmə çevirib. Ona görə də, balaca imkan tapan gənclər və orta yaşlı insanlar ölkədən kütləvi qaçırlar. Təxminən, hazırda ölkə əhalisinin sayı statistikada 10 milyondan çox göstərilsə də, ölkədə heç 5 milyona yaxın insan yoxdur və ölkədə yaşayan əhalinin tərkibinə nəzər salanda, ölkənin demoqrafik durumu barədə hər şey aydın olur. Azərbaycan hökuməti isə, utanmadan analoqsuz inkişafdan danışır. İnkişaf edən ölkədən də insan qaçar?

Yazıda sonra deyilir: “Azərbaycanda xüsusi imtiyaz sahibinə çevrilmiş, qanuna zidd fəaliyyət göstərən sahibkar, biznesmen məmurlar bütün ərzaq və gündəlik təlabat mallarının qiymətini hər gün qaldırırlar. Ancaq əhalisinin 80 faizi çörək və yumurta ilə dolanan kasıb ölkədə bu məhsulların qiymətini qaldırmaq cinayətə bərabərdir. Rüşvət, korrupsiya ilə dövləti və xalqı talayan məmurların gözü doymur. Azərbaycan dövlətinin bütün çətin problemləri kasıbların, varı, dövləti və sərvətləri isə, məmurlarındır”.