Azərbaycan MN: Ordubad və Kəlbəcər atəşə tutulub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkənin Kəlbəcər və Ordubad rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, iyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Yuxarı Aqaraq rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bildirilir ki, iyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Respublikası ordusunun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Məlumatda həmçinin Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlərin Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən Azərbaycan ordusunun mövqelərinə qarşı kəşfiyyat uçuşları həyata keçirdiyi bildirilir. Oxşar əməliyyat qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopterlər tərəfindən də Xocavənd rayonu üzərində həyata keçib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında təfərrüatına toxunulmadan deyilir ki, kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb,
qeyri-qanuni erməni silahlı dəstələrinin mühəndislik fəaliyyəti dayandırılıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ermənistan tərəfindən bu ölkə ordusunun mövqelərinin atəşə tutulmasına dair məlumatı ilə eyni zamanda Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlərin getdiyini vurğulayıb.
O bildirib ki, bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüş olub: "Eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olub".
"Kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir", - nazir vurğulayıb.