AXCP və Müsavat Partiyaları ləğv olunur?
Ədliyyə Nazirliyinin qeydiyyat planı bəhanə ola bilər
Ədliyyə Nazirliyi Azərbaycandakı müxalifət partiyalarının qeydiyyatla bağlı göndərdiyi siyahılara bir-bir mənfi cavab verib. Bununla yanaşı sədri İlham Əliyev olan hakim Yeni Azərbaycan Partiyası qeydiyyatdan uğurla keçib.
Proseslər göstərir ki, REAL, Müsavat və AXCP partiyaları reyestrdən keçməmək təhlükəsi ilə üz-üzə qalıb.
“Siyasi partiyalar haqqında” yeni qanuna görə, partiyalar reyetrdən keçmək üçün 5 min üzvünün məlumatlarını Ədliyyə Nazirliyinə göndərməlidir. 2 min üzvü qeydə alınan REAL Partiyasının sədri İlqar Məmmədov nazirliyin telefon zənglərilə üzvlərin təsdiq edilməsi prosesini qanunsuz sayıb.
Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı isə Meydan TV-yə bildirib ki, Azərbaycanda insanlar hökumətin təzyiqindən çəkindiyi üçün Ədliyyə Nazirliyinin əməkdaşlarına partiya mənsubiyyətlərini açıqlamaya bilərlər.
Bu arada Azərbaycan Xalq Cəbhəsi Partiyası qeydiyyat məsələsi ilə bağlı bəyanat yayıb.
Bəyanat deyilir: “Ədliyyə Nazirliyi AXCP-nin təqdim etdiyi siyahı ilə bağlı partiyaya verdiyi cavabda heç bir əsas, sübut, ünvan göstərmədən, mücərrəd şəkildə minlərlə AXCP üzvünün məlumatlarında guya qeyri-dəqiqliyin olduğunu bildirir. AXCP öz üzvlərinin Ədliyyə Nazirliyinə təqdim etdiyi reyestr məlumatlarının səhihliyinə əmindir və nazirliyin cavabını həqiqətədən uzaq, siyasi mülahizələrlə hazırlanmış cavab sayır”.
Hüquqşünas Sübhan Həsənli partiyalardan şəffaflıq tələb edən Ədliyyə Nazirliyinin prosesi necə apardığının cəmiyyətə məlum olmadığını bildirib.
Xatırladaq ki, "Siyasi partiyalar haqqında" qanuna görə, Azərbaycandakı siyasi partiyalar Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Qeydiyyat prosesi çərçivəsində partiya 5000 üzvünün adlarını, ünvanlarını və əlaqə məlumatlarını, habelə öz yerli partiya təşkilatları haqqında məlumati təqdim etməlidir.