Tanınmış iqtisadçı azadlığa buraxılmadı
Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri seçilib
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri seçilib.
APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib və müttəhim barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında "FETÖ" ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir.
DİN-in açıqlamasında iddia olunur ki, tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır.
Qubad İbadoğlunun qızı Jalə Bayramova deyib ki, atasının “fetoçularla” əlaqəsi barədə yayılan məlumat “tamamilə cəfəngiyyatdır”.
Ekspertin həbsi sosial şəbəkələrdə sərt tənqidlərlə qarşılanıb. Çoxsaylı tanınmış ziyalılar, ictimai və siyasi xadimlər ona verilən ittihamı qəbul etmir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, tanınmış iqtisadçının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanması “siyasi repressiya aktıdır”.
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli yazıb ki, Qubad İbadoğlunun saxlanılması “dəhşətli mənzərədir”.
Hakimiyətin nə deməsindən asılı olmayaraq şübhəsiz ki, baş verənlər Qubad İbadoğlunun müxalif siyasi mövqeyi və BİZ-tv-dəki tənqidi çıxışları ilə bağlıdır. Professor dərhal azad edilməlidir”, - deyə o qeyd edib.