Aİ rəsmisi: Onun lazımi prosedur hüququna hörmət edilməlidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i402086-aİ_rəsmisi_onun_lazımi_prosedur_hüququna_hörmət_edilməlidir
Avropa İttifaqının beynəlxalq münasibətlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Nabila Massrali “Tvitter” hesabında tanınmış iqtisadçı və fəal Qubad İbadoğlunun həbsi ilə bağlı baş verənləri diqqətlə izlədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2023 08:04 Asia/Baku
  • Aİ rəsmisi: Onun lazımi prosedur hüququna hörmət edilməlidir

Avropa İttifaqının beynəlxalq münasibətlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Nabila Massrali “Tvitter” hesabında tanınmış iqtisadçı və fəal Qubad İbadoğlunun həbsi ilə bağlı baş verənləri diqqətlə izlədiyini bildirib.

Nabila Massrali yazıb: “Biz onun dərman vasitələrinə çıxışını təmin etməyə, onu tez bir zamanda azad etməyə və hüquqlarına, o cümlədən lazımi prosedur hüququna hörmət etməyə çağırırıq”.

İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Bundan əlavə Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

İqtisadçı alimin həbsi yerli ekspertlər tərəfindən də tənqid olunmaqdadır.

Politoloq Ərəstun Oruclu bildirib: “Necə olur ki, Ərdoğan hökumətinin yüksək rəsmilərinin müntəzəm əlaqə saxladığı Qubad ibadoğlu Türkiyə daxili işlər nazirliyi tərəfindən FETO-çu kimi təqdim olunur?”

Almaniyada mühacirətdə yaşayan hüquqşünas İlqar Altay isə irəli sürülən ittihama inanmadığını söyləyib: “FETO-METO havayı-boş söhbətdir, ortaya atıb cəmiyyəti yanıltmayaq. Mən, şəxsən inanmıram, Qubad İbadoglu nəsə belə, qanunazidd cinayət tərkibli əməl törətsin. Digər tərəfdən FETO adlanan, Fətullah Gülənin təşkilatı zatən Türkiyədə artıq qanundankənar təhkükəli ifrat, ekstremist, terror təşkilatı kimi elan edilibsə də, bizim Azərbaycanda bu qərar yoxdur. Bu halda FETO ilə əlaqəlidir deyə, vətəndaşı həbs etməyi hansı qanunla əsaslandırmaq olur?, - deyə hüquqşünas əlavə edib.