Hakimiyyətin qoyduğu məhdudiyyətlər xalqın əzadarlığına mane ola bilməyib
Azərbaycan müsəlmanları Aşura mərasiminə hazırlaşır
Azərbaycan hakimiyyətinin məhərrəmlik mərasimlərilə bağlı sərt məhdudiyyətlər tətbiq etməsinə rəğmən, müsəlman xalq möhtəşəm Aşura əzadarlığına hazırlaşır.
SəhərAzəri-nin məlumatına görə, ailə rejiminin dini məsələlərlə bağlı tapşırıqlarını tam dəqiqliyi ilə yerinə yetirən Qafqaz Müsəlmanları İdarəsi hələ Məhərrəm ayı başlanarkən vətəndaşlara xəbərdarlıq etmişdi.
QMİ-nin müraciətdə deyilirdi ki, Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. qəbuledilməzdir.
Allahşükür Paşazadənin rəhbərlik etdiyi idarə həmçinin “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını əsas tutaraq, dini mərasimlərin yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməsinə əmr etmişdi.
Qafqaz Müsəlmanları İdarəsi bildirmişdi ki, qanunlara əsasən, təziyə mərasimləri zamanı dövlətçilik ənənələrinə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ələlxüsus da İmam Hüseyn bayrağının ucaldılması və küçə yürüşləri qadağandır.
Qeyd edək ki, Azərbaycan Respublikasında son illərdə Məhərrəmlik ayında, Aşurada dini ritualları yerinə yetirməyə hökumət tərəfindən maneçilik törədilir və yetkinlik yaşına çatmamış uşaqların mərasimlərdə iştirakına qadağa qoyulub, buna baxmayaraq gənc nəsil əlinə düşən hər bir fürsətdən istifadə edərək məhərrəmlik mərasimlərini bayırda keçirmyə cəhd göstərir.
Bütövlükdə bu il Azərbaycanda əhalisinin əksəriyyətini şiələr təşkil edən müsəlmanlara qarşı xüsusi basqı müşahidə olunur. Bir çox şiə inanclısı məhz İmam Hüseyn (ə) ziyarətində olduğu üçün, İmam Hüseyn bayrağı ilə şəkili olduğu üçün saxta ittihamlarla o cümlədən narkotik alveri və ya İrana casusluq damğası ilə həbs edilib. Həmçinin mərasimlərin adətən izdihamlı təşkil olunduğu Nardaran qəsəbəsi faktiki olaraq mühasirəyə alınıb və burada təziyə məclisləri yerinə prezidentin keçmiş yəhudi kürəkəni Emin Ağalarovun konsertləri keçirilir.