Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana gəlib
Dissident jurnalistin ölümünün səbəbləri açıqlanmır
2005-ci ildə qətlə yetirilən jurnalist Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana qayıdıb.
Elmar Hüseynov Azərbaycanda hakimiyyəti tənqid edən məşhur jurnalist idi, o ağzından güllələnərək qətlə yetirildi. Qətl zamanı hakimiyyətin adı bu məsələdə hallansa da, 18 ildən sonra siyasi qətlin üstü hələ açılmayıb.
Qeyd edək ki, sərt tənqidi yazıları ilə seçilən jurnalist 2005-ci ildə yaşadığı evinin blokunda odlu silahla qətlə yetirilib. İlham Əliyev bu qətli Azərbaycanın imicinə vurulan "qara ləkə" adlandıraraq cinayətin tezliklə açılması, sifarişçilərin və qatillərin cəzalandırılması üçün mümkün olan hər şeyin ediləcəyini bildirmişdi. Lakin uzun müddətdən sonra bu qətlin icraçıları və sifarişçiləri məsuliyyətdən, hələlik, kənarda qalıb. Və istintaqda hansısa yenilik yoxdur.
Bu müəmmanı nəzərə alaraq Elmar Hüseynovun həmkarları bildirirlər ki, qətlin icraçıları və sifarişçiləri bu günə qədər məhkəmə önündə durmayıblara, bunun məsuliyyəti istər-istəməz hökumətin üzərinə düşür.
2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib