Azərbaycan Rusiyadan dəstək umur?
Bayramov BMT Təhlükəsizlik Şurasının iclası ərəfəsində Lavrova zəng edib
Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu barədə bildirib ki, söhbət zamanı Dağlıq Qarabağ ətrafında vəziyyətin tez bir zamanda düzəlməsinə təkid olunaraq, humanitar marşrutların, o cümlədən Laçın dəhlizinin açılmasına yönəlmiş əvvəllər razılaşdırılmış addımların praktiki həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Bununla yanaşı Bakı ilə İrəvan arasında münasibətlərin davamlı normallaşmasına nail olmaq üçün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında bütün üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinin alternativsizliyi vurğulanıb.
Qeyd edək ki, avqustun 16-da Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi planlaşdırılır. Orada Ermənistanın şikayəti əsasında Laçın dəhlizindəki vəziyyət müzakirə olunacaq.
2022-ci ilin dekabrında bu məsələ Fransanın təklifi ilə Təhlükəsizlik Şurasının iclasına çıxarılıb. Lakin bəyanatı həyata keçirmək cəhdi baş tutmayıb.
Öz növbəsində Azərbaycan XİN-dən bildiriblər ki, söhbət zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və regiondakı vəziyyət müzakirə olunub.
Bayramov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı “hərbi-siyasi təxribatlarını” aktivləşdirməsi iki ölkə arasında münasibətlərin normallaşması prosesinə ciddi zərbə vurub.
Sergey Lavrov isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edib.