Azərbaycan ordusunda yenə intihar halı baş verib
Azərbaycan ordusunda növbəti intihar baş verib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu özünü güllələyərək öldürüb.
Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Firad Əliyev deyib ki,
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Asim Hamail oğlu Abbasov odlu silahdan atəş açmaqla özünü öldürüb.
Məlumatda fakt üzrə Ağdam hərbi prokurorluğunda cinayət işinin başlanıldığı deyilir.
Cari ilin əvvəllərində yayılmış Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artıb.
Təşkilatın yaydığı məlumatda deyilir ki, 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda 846 nəfər qeyri-döyüş şəraitində həlak olub. Həmçinin 2003-2022-ci illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 13 min nəfərdən çox olub. Təkcə 2022-ci ildə azı 58 nəfər qeyri-döyüş itkiləridir”.
Hərbi qulluqçuları intihara vadar edən amillərin nədən ibarət olduğu barədə məlumat yoxdur. Həmin hərbçilərin bəzilərinin ailələrinin bu iddia ilə razılaşmadıqları barədə məlumatlar yayılır. Hərbiyyədə baş verən bu kimi hadisələrlə bağlı cinayət işi açılsa da bir çox hallarda şübhələri tam aradan qaldıra bilmir.
Bəzi iddialara görə, intiharlar və nizamnamədənkənar ölümlər daha çox əsgərlərin təhqir olunması, işgəncə verilməsi səbəbindən baş verir. Lakin bu faktlar çox vaxt hərbi hissə komandirləri tərəfindən ört-basdır edilir. Ümumiyyətlə müstəqil mediya nəzarəti olmadığına görə hərbiyyədə baş verən ölüm hallarının həqiqi səbəbinin dəqiqləşdirilməsi qeyri-mümkün görünür.