Sülhməramlılar Azərbaycanı eşitmirlər
Azərbaycan Respublikası bir daha Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən Azərbaycan hava məkanından keçən uçuşların təhlükəsizliyinə təhdidlərin edildiyini bildirib.
“Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib”,- Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Məlumatda sonra deyilir: Avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb".
Qeyd olunur ki, faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığının məlumatlandırılmasına baxmayaraq bu günədək heç bir tədbir görülməyib.
"Qeyd edirik ki, mülki aviasiyanın təhlükəsizliyinə radio-texniki müdaxilə qəbuledilməzdir və beynəlxalq mülki aviasiya təşkilatının müəyyən etdiyi qaydalara ziddir", - MN-in məlumatında qeyd edilib.