ABŞ istədiyi həll varyantını reallaşdırmaq istəyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O"Braynı qəbul edib.
Görüşdən sonra "X" sosial şəbəkəsində paylaşım edən ABŞ Dövlət katibinin köməkçisi Ceyms O"Brayn dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.
Nəzərə alsaq ki, məhz Ceyms O"Braynın anti-Azərbaycan mövqeyinə görə rəsmi Bakı ABŞ-ın təşəbbüsü ilə Ermənistan tərəfi ilə keçirilməli olan görüşlərdən imtina etmişdi, indi belə çıxır ki, O"Brayn Azərbaycanı ABŞ-ın istədiyi müzakirə masasına qaytarmaq üçün Bakıya gəlibmiş.
Mövzu ilə bağlı politoloq Elşən Manafov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, ABŞ sülh prosesində canfəşanlıq etməklə, geosiyasi maraqlarını təmin etməyə çalışır:
" Vaşinqton istəyir ki, Azərbaycan-Ermənistan arasındakı sülh danışıqları onun istədiyi kimi davam etsin. ABŞ özünü bölgəyə sülh və sabitlik gətirən ölkə kimi təqdim etmək istəyir.Burada həm də məqsəd Rusiyanı proseslərdən kənarda saxlamaqdır”,- Elşən Manafov deyib.
Politoloqun fikrincə, Azərbaycanın Qərb formatında danışıqlara dəvət edilməsinin digər bir məqsədi də var. Bu da ondan irəli gəlir ki, Azərbaycan regionun problemlərinin həllini "3+2" formatında görür:
"Bu formatda əməkdaşlıq bölgəyə regiondan kənar qüvvələrin müdafiəsinin qarşısını alır. Qərb buna mane olmaq üçün addımlar atır. Azərbaycanın İranla əldə etdiyi razılıq ABŞ-ı məmnun etməyib. ABŞ Orta Dəhliz üzərində nəzarəti həyata keçirmək istəyir. Çünki Orta Dəhliz layihəsi ABŞ-ın yeni dünya nizamı ilə bağlı planlarına uyğun gəlmir".
Mİllət vəkili Fazil Mustafa isə qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərini tənzimlənməsi üçün ABŞ-da bir neçə dəfə görüşlər keçirilib, ancaq indi vəziyyət fərqlidir.
"ABŞ bu prosesdə tərəfsiz deyil. Bu ölkə Ermənistanın müdafiə aktını qəbul edən dövlətdir. Belə olan təqdirdə ABŞ hansısa formada münasibətlərin normallaşmasında maraqlı görünə bilərmi?! Azadlığı Ermənistan adı ilə əvəz edən bir ölkənin canfəşanlığının hansısa nəticəsi olacağını təsəvvür edə bilmirəm",-Fazil Mustafa deyib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ancaq Azərbaycan Respublikası hələ ki, Ceyms O"Braynın ABŞ dövlət katibi tərəfindən elan etdiyi dəvətə münasibət bildirməyib.