Konqresmenin Azərbaycandan rüşvət alması işində etiraflar alınıb
ABŞ federal tədqiqatçıları Demokrat konqresmen Henri Kuelların Azərbaycanın idarə etdiyi neft şirkəti və Meksikadakı bankdan $600,000 dollar həcmində rüşvət alması ittihamı ilə bağlı işdə artıq üç nəfər təqsirini etiraf etdiyini bildirir.
Mayın 13-ü ABŞ mətbuatının verdiyi məlumata əsasən, “Texas Azərbaycan-Amerika icmasının fəal üzvü” kimi təsvir edilən 67 yaşlı İradə Axundova 1 may tarixində Hyuston federal məhkəməsində rəsmi orqanlarda qeydiyyatdan keçmədən Azərbaycanın təmsilçisi kimi fəaliyyət göstərdiyini etiraf edib.
Daha öncə Kuelların sabiq köməkçisi Kolin Stroter, Texas siyasətçisi və biznes konsultantı Florensia Roden mart ayında Meksika bankı ilə əlaqəli şəkildə pul yuyulması ittihamlarında təqsirlərini etiraf etməklə bağlı sövdələşmə əldə ediblər.
Federal rəsmilər 68 yaşlı Kuellar və yoldaşı 67 yaşlı İmelda Kuellara 2014 və 2021-ci illər arasında Azərbaycan dövlətinin və Meksika bankının maraqlarını səsləndirmək müqabilində pul qəbul etməsi ittihamı irəli sürüblər. Kuellar təqsirsiz olduğunu bildirir.
Məhkəmə qeydlərində bildirilir ki, Axundova təqsirini etiraf etmiş digər iki şəxs kimi rüşvət ittihamının tədqiqatında “Birləşmiş Ştatlarla tam əməkdaşlıq” etməyə razılıq verib. İttihamnaməyə əsasən, Azərbaycan tərəfindən verilən rüşvətin ümumi həcmi $300,000 dollardan çoxdur.
Axundovanın təqsirini etiraf etməsi ilə bağlı sövdələşmədə qeyd edilir ki, o, 2014-2017-ci illər ərzində Azərbaycana bağlı enerji şirkətinin Texas nümayəndəliyinin direktoru olduğu müddətdə Azərbaycan hökuməti və neft şirkətinin maraqlarına xidmət edən ödənişlərin həyata keçirilməsində və konsaltinq xidmətləri ilə bağlı saxta ödəniş sənədlərinin ötürülməsində iştiak edib.
Sövdələşmədə həmçinin qeyd olunur ki, Axundova xarici ölkənin təmsilçisi kimi qeydiyyatdan keçmədən Texasda Azərbaycan hökuməti və dövlətin nəzarət etdiyi neft şirkətinin maraqlarını təmsil edən digər bir şirkətin yaradılmasına kömək edib.
Bu ittihamlar üzrə Axundovanı maksimum 5 il müddətinədək həbs və $250,000 dollaradək çərimə gözlədiyi bildirilir.
Qeyd edək ki, Mayın 3-də ictimailəşən məlumata əsasən, ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellar və həyat yoldaşı İmelda Azərbaycan hökumətinə və Meksikada qərargahlaşan banka xeyir vermək niyyəti ilə iki müxtəlif sxem üzrə rüşvət almaqda ittiham olunublar.
İttihamnamədə iddia edilir ki, 2014-cü ilin dekabr ayı və 2021-ci ilin noyabr ayı arasında Kuellar və həyat yoldaşı Azərbaycandan və adı açıqlanmayan bankdan 600 min dollar həcmində rüşvət qəbul ediblər.