May 26, 2024 10:18 Asia/Baku
  • Elxan Şükürlü: Məlum şəbəkə Qərb və İsrailin tapşırıqlarını yerinə yetirir

Azərbaycanlı siyasətçi bəzi mediaların yenidən anti-İran təbliğatına köklənməsini sərt şəkildə qınayıb.

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bu barədə feysbuk statusunda bildirib ki, prezident İlham Əliyevin İranla münasibətlərin yaxşılaşdırılmasına və inkişafına dair mövqeyi, üstəlik, Azərbaycanla İran arasındakı gərginliyin regiondankənar ölkələrin maraqlarına xidmət etdiyi barədə açıq çağırışları ortada olsa da, hələ də dövlətin çətiri altında gizlənmiş böyük bir şəbəkə indi də helikopter qəzasından sui-istifadə etməklə, İran əleyhinə ABŞ, Avropa və İsrailin nəfinə təbliğat aparmaqda davam edir.

Partiya funksioneri qeyd edib: “Açıqca görünür ki, onlar üçün önəmli olan Azərbaycan dövlətinin maraqları yox, xidmətində durduqları çevrələrin mövqeyi, tapşırıqlarıdır! Qərbin və İsrailin maraqlarının təmini üçün ölkəmizin ictimai-siyasi sektorunda formalaşdırılan bu şəbəkənin əsas missiyası Azərbaycan ictimai rəyini davamlı şəkildə Rusiya və İrana nifrət hissi üzərində kökləmək və xilaskar qismində Qərbi təqdim etmək və sonda da ərazilərimizi NATO-nun hərbi məqsədlərinə meydança etməkdir!”

Elxan Şükürlü işarə etdiyi media şəbəkəsinin təxribatları barədə əlavə edib ki, bu şəbəkə HƏMAS-İsrail savaşı yenidən başlayanda beynəlxalq hüququ, BMT qətnamələrini bir kənara atıb, “İsrail bizə silah satıb” tezisiylə açıq şəkildə İsrailin işğalçı və zorakı hərəkətlərinə haqq qazandıraraq, Qəzzə əhalisinin, dinc fələstinlilərin soyqırımının müdafiəsinə qalxdı.

O həmçinin yazır ki, sözü gedən şəbəkə hər dəfə İranla münasibətlər düzələn və qarşılıqlı xoş mesajlar verilən kimi hərəkətə başlayır və açıq şəkildə başqa bir dövlətin ərazi bütövlüyünü, dövlət suverenliyini şübhə altına alan separatçı meylləri təbliğ və təşviq edir, müqəddəslərinə təhqir yağdırırlar və bu təbliğatın arxasında ABŞ-İsrail tandeminin maraqları dayanır.

Elxan Şükürlü İranın hərbi qüdrətinə toxunaraq qeyd edib ki, bu il aprelin 14-də İran ilk dəfə olaraq öz ərazisindən birbaşa İsrail ərazisinə raket zərbələri endirmiş, eyni zamanda, öz “Əbabil quşları”nı – dronlarını Təl-Əvivin başı üzərinədək uçuraraq, bütün dünyaya özünün hərbi-texnoloji qüdrətini nümayiş etdirmişdi. İndi isə ABŞ və İsrailə bağlı media İranın İsrail üzərində nümayiş etdirdiyi hərbi və texnoloji qüdrətinin effektini aşağı salmağa, puça çıxarmağa çalışırlar.

Politoloq sonda yazır ki, Azərbaycan-İran münasibətlərinin gələcəyini ABŞ-İsrail tandeminin təbliğatını aparan bu fitnəkarlar yox, 19 mayda - İmam Rzanın (ə) mövlud günündə Araz çayı üzərindən iki ölkə prezidentinin bütün dünyaya elan etdikləri birlik çağırışları müəyyənləşdirəcək!