Sionist rejim Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu təhdid edibmiş
Ərəstun Oruclu: 2010-da azərbaycanlı siyasi ekspert də İsrail Səfirliyində təhdid olunub
Azərbaycanlı politoloq 2010-cu ildə israilli diplomatın Bakıda azərbaycanlı bir siyasi eksperti təhdid etdiyini faş edib.
Yayılan məlumata əsasən, 2016-cı ildə İsrailin Mossad kəşfiyyatının direktoru təyin olunan Yossi Kohen Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş qambiyalı hüquqşünas, xanım Fatu Bensoudəni təhdid edib.
Təhdidə səbəb prokuror xanımın İsrailin fələstinlilərə qarşı törətdiyi hərbi cinayətlər haqda təhqiqata başlamaq cəhdi olub.
Politoloq Ərəstun Oruclu məsələyə münasibət bildirərkən özünün feysbuk səhifəsində Azərbaycanda da baş vermiş oxşar hadisəni xatırladaraq yazıb: “2010-cu illərin ortalarında Türkiyə-Israil münasibətləri ciddi böhran yaşayırdı, həmin vaxt Azərbaycan mediasında Türkiyənin mövqeyini müdafiə edən azərbaycanlı siyasi ekspert İsrail səfirliyinə dəvət olunaraq təhdid edilmişdi. Lakin təəssüflə deməliyəm ki, həmkarım məsələni ictimailəşdirmək əvəzinə sonrakı fəaliyyətində İsrailə loyal münasibət sərgiləməyə başladı. Halbuki, buna tamamilə əks addım atmaq, məsələni ictimailəşdirərək Azərbaycan dövlətindən Öz vətəndaşını Öz ölkəsində xarici casuslardan qorumağı tələb etməsi lazım idi”.
Politoloq qeyd edir ki, Azərbaycan dövləti bunu etməyəcəkdi, amma ən azı ölkə ictimaiyyəti hadisəyə adekvat reaksiya verməklə növbəti oxşar halların qarşısını ala bilərdi. Çünki istənilən xarici dövlətin diplomatik çətir altında fəaliyyət göstərən casusunun Azərbaycan vətəndaşını onun Öz ölkəsində təhdid etməsi təkcə vətəndaşa deyil, ilk növbədə Azərbaycan dövlətinə, onun xüsusi xidmət orqanlarına və siyasi rəhbərliyinə ağır təhdid və təhqirdir.