May 30, 2024 15:28 Asia/Baku
  • Ölüm hallarının 68%-i hansı xəstəliyə görədir?

Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir. “World Statistics” resursunun hesabatında belə deyilir.

 “World Statistics”-in hesabatında dərc olunan cədvəldən görünür ki, Azərbaycan Respublikası hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə.

İlk onluğa Özbəkistan (354 ölüm), Ukrayna (305 ölüm) və Belarus (282 ölüm) da daxildir. Siyahıda Rusiya 27-ci, Qazaxıstan 35-ci, İran 54-cü, Türkiyə isə 117-ci yerdədir. Yaponiya, Fransa və Cənubi Koreya daha az riskli ölkələr kimi sıralanır və reytinqdə ən aşağı üç yeri tutur: 181-ci, 182-ci və 183-cü.

Bu statistika Azərbaycanda səhiyyə sistemindən tutmuş sosial həyata qədər vəziyyətin necə olduğuna dair müəyyən təsəvvür yaradır.

Qeyd edək ki, ötən il də buna bənzər statistik məlumat yayılmışdı. Sosial şəbəkələrdə ürək-damar xəstəliklərinin dünya ölkələrindəki miqyasını əks etdirən statistikada bildirilirdi ki, kişilərdə ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm hallarına görə Azərbaycan dünyada 1-ci yerdədir. İlk “beşlik”də həmçinin Tacikistan (2), Belarus (3), Özbəkistan (4) və Ukrayna (5) yer alıb.

Gürcüstan 18-ci, Rusiya 21-ci, Ermənistan 26-cı, İran 66-cı, Türkiyə isə 117-ci yerdədir. Ən sonuncu yerdə isə Yaponiya (182) və Cənubi Koreyadır (183).

Qadınların eyni statistikasına əsasən isə Azərbaycan 2-ci sırada qərar tutub. Başqa sözlə, bu göstərici üzrə də antirekordçuyuq.

Bakı Baş Səhiyyə Mərkəzinin 2023-cü il üçün yaydığı hesabata görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Statistikaya görə, dünyada və o cümlədən də Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri kimi insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.