Almaniyada otelin binası üzərində Q.İbadoğlunun fotosu görünür
Almaniyanın Bonn şəhərində iqlim konfransının keçirildiyi Marriott otelinin binasında gecə saatlarında azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun fotosu görünür.
Hal hazırda Qubad İbadoğlu, ev dustaqlığındadır və cinayət işilə əlaqədar Azərbaycandan çıxışına qadağa qoyulub.
İqtisadçının qardaşı Qalib Toğrulun sözlərinə görə, foto ilə yanaşı "Qubada azadlıq!" sözləri yazılıb.
Dəstək aksiyası International Global Witness təşkilatının təşəbbüsü ilə baş tutub.
Konfrans iyunun 3-də başlayıb və iyunun 13-dək davam edəcək. Yardımçı Qurumların 60-cı Toplantısı kimi tanınan Bonn İqlim Konfransı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalayan ölkələri bir araya gətirir.
Bonn İqlim Konfransı Dubayda keçirilən COP28 ilə Azərbaycanda keçiriləcək COP29 arasında həlledici birləşdirici nöqtə rolunu oynayır və onun nəticələri qlobal iqlim danışıqlarının növbəti mərhələsi üçün əsasdır. Konfransa UNFCCC üzv olan ölkələrin hökumət və parlament nümayəndələri ilə yanaşı, şirkətlər, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, media daxil olmaqla, 6000-ə qədər iştirakçı qatılıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Cərçivə Konvensiyasinın Tərəflər Konfransının 29-cu sessiyası (COP29) 2024-cü ilin noyabrında Bakıda keçiriləcək. Qərb dövlətləri öz istəklərini Azərbaycana qəbul etdirmək üçün bu beynəlxalq tədbir ərəfəsində rəsmi Bakıya təzyiqləri gücləndirməyi planlaşdırırlar.