DTX-dən gülünc iddia:
“İrana səfər edən bir qisim vətəndaşlar narkotik alverinə sövq edilirlər”
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti özünü gülünc vəziyyətə salaraq İrana səfər edən bu ölkə vətəndaşlarının guya narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edildiyini iddia edib.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məqaləsində bildirilib ki, “narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb edilirlər. Başqa bir qisim vətəndaşlar isə tibbi yoxlanışlar üçün İrana səfər edərkən ələ alınaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər”.
Bu iddianın irəli sürülməsi İranla sərhədin bağlı qalmasına etiraz edən insanları qorxutmaqla əlaqədə olduğu şəksizdir. Belə ki, əvvəlcə Kovid-19 bəhanəsilə və sonra təhlükəsizlik məsələləri ilə bağlı qonşu ölkələrlə sərhədlərin bağlı qalması insanları bezdirib, xüsusilə onlar keçmişdə İrana gediş-gəliş yolu ilə həm həm məişətlərini yaxşılaşdırmağa imkan tapır, həm də qonşu ölkədəki ucuz və etibarlı tibbi xidmətlərdən faydalana bilirdilər. Hazırda isə bu imkanlardan məhrum olduqda hökumətə etiraz etməyə başlayıblar.
Digər tərəfdən məhkəmə orqanlarının azad fikirli və günahsız vətəndaşları narkotiklə ittiham etməsi ictimaiyyət tərəfindən birmənalı qınaq obyektinə çevrilib və DTX bu son açıqlaması ilə əslində həmin məhkəmələri də rüsvayçılıqdan xilas etməyi düşünüb.
DTX-nin Azərbaycan vətəndaşlarının guya tələyə salınması barədə iddiasına tanınmış politoloq Ərəstun Oruclu başqa bir prizmadan irad tutub.
Feysbuk üzərindən yaydığı statusunda politoloq yazır: “DTX kimi bir qurum aydınlıq gətirməlidir ki, birincisi Azərbaycanda narkotik qaçaqçalçılığının qarşısını almağa mane olan nədir? Daha doğrusu, kimlərdir?
İkincisi, Azərbaycanda narkobizneslə əlaqəsi olan məmurlar haqqında ölkənin siyasi rəhbərliyinə məruzə olunubmu?
Üçüncüsü, əgər həmin narkotrafik yalnız hansısa transmilli mütəşəkkil cinayətkar dəstələrin vasitəsilə həyata keçirilirsə, bunun qarşısını almağa ayrı hansı amillər mane olur?
Dördüncüsü, narkotik vasitələrin Azərbaycan üzərindən dövriyyəsi məqalədə deyildiyi kimi xarici xüsusi xidmət orqanları tərəfindən himayə olunursa, onlar hansı ölkələrin qurumlarıdır və Azərbaycan hakimiyyətində onlara bağlı şəxslər və ya agentlər kimlərdir?”.