Azərbaycan və İran parlamentlərinin sədrləri görüşüb
Qalibaf: Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf ilə görüşüb.
Bu məlumata əsasən, görüşdə İran parlamentinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Məhəmmədbaqir Qalibaf deyib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir və rəsmi Tehran münasibətlərə xüsusi əhəmiyyət verir. O, İranın yeni seçilmiş prezidentinin siyasətində qonşu ölkələrlə münasibətlərdə heç bir dəyişikliyin olmadığını, parlamentlər səviyyəsində də əlaqələrin daha da genişləndirilməsi istiqamətində mövqeyin davam edəcəyini söyləyib.
Qeyd olunub ki, İran yaxşı qonşuluq, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinin bütün regionda sülh və təhlükəsizliyə töhfə verəcəyinə inanır. O həmçinin bildirib ki, biz iqtisadi əməkdaşlıq, nəqliyyat, regional kommunikasiya imkanlarından geniş istifadə etməliyik.
İran parlamentinin sədri söhbətinin davamında "3+3" formatında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Qalibaf daha sonra sionist rejimin regionda törətdiyi cinayətləri İslama və insanlığa zidd hərəkət adlandırıb və deyib: “Biz hamımızın bir insan, bir müsəlman olaraq hər gün öldürülən qadınlar və uşaqları himayə etməyə borcluyuq, didərgin düşən və başsız qalan ailələrə dəstək olmalı və bu məsələlərə biganə qalmamalıyıq”.
Parlamentin sədri Fələstində baş verən faciələrə toxunaraq deyib: “Biz humanitar məsələ baxımından Fələstinə kömək etməliyik. Ona görə də hamımız çalışmalıyıq ki, Qızıl Aypara və ya digər beynəlxalq təşkilatlar vasitəsilə Livan və Fələstin xalqlarına yardım göndərək; Cenevrəyə səfərimdən əvvəl Beyruta bir günlük səfərim zamanı gördüm ki, Livanın cənubunda müharibədən əziyyət çəkən xalq ərzaq, dərman, geyim və digər əsas əşyalarla təminatda ciddi problemlərlə üzləşib”.
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova isə ölkələrimizin və xalqlarımızın ortaq tarixi, mədəni, dini dəyərləri bölüşdüklərini qeyd edərək, bu gün Azərbaycanla İran arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. O, ikitərəfli formatda əldə edilmiş razılaşmaların, həyata keçirilən birgə layihələrin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
O, Yaxın Şərqdə baş verən tragediyaya toxunaraq deyib: “Mən bir azərbaycanlı kimi deyə bilərəm ki, mən bu regionda baş verən faciələrin dərinliyini tam dərk edirəm, biz inanırıq ki, 21-ci əsrdə belə faciələr və qətllər yolverilməzdir”.