Noy 05, 2024 12:26 Asia/Baku
  • Tərtər işi üzrə Apelyasiya Məhkəməsində hamı narazı qalıb

Noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrdə, 10 nəfərdən çox adamın ölümündə təqsirləndirilən şəxslərdən 4 nəfərinə hökm oxunub.

  SəhərAzəri-nin məlumatına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmüş leytenant Ruslan Mikayılov 6 il 10 ay, onunla birlikdə mühakimə olunan gizirlərdən Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay azadlıqdan məhrum edilmişdi.

  Apelyasiya məhkəməsinin qərarına əsasən, adları çəkilən şəxslərin hər birinin cəzası 3 ay azaldılıb.Zərərçəkmişlər Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı qalıblar. Onlar hesab edir ki, onsuz da Bakı Hərbi Məhkəməsi yüngül cəza vermişdi, apelyasiya məhkəməsi daha da yüngülləşdirdi.Təqsirləndirilən şəxslər isə onlara qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Onlar özlərini təqsirli bilmirlər. Onlar məhkəmədə dindirilərkən işgəncələrdə iştiraklarını etiraf ediblər.

  Lakin sadəcə, icraçı olduqlarını, yüksək vəzifəli şəxslərin, generalların əmrlərini yerinə yetirdiklərini vurğulayıblar. Etiraz ediblər ki, əmr verənlər kənarda qalıb, cəmiyyətin “gözündən pərdə asmaq”, zərərçəkmişləri sakitləşdirmək üçün onları həbs ediblər.

  Təqsirləndirilən şəxslər, onların vəkilləri, eləcə də zərərçəkmişlər bu işin istintaqından narazılıqlarını dəfələrlə dilə gətiriblər. Məhkəmədə bir neçə dəfə vəsatət qaldırıblar ki, müdafiə naziri Zakir Həsənov, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıxovdan tutmuş, hərbi prokuror Xanlar Vəliyev, korpus komandiri Hikmət Həsənova qədər hamısı dindirilsin. Lakin hakimlər hər dəfə bu vəsatətləri rədd edib.

  “Cinayət işinin materiallarından belə anlaşılır ki, sanki adi gizirlər hərbi prokuror Xanlar Vəliyevə, onun müstəntiqlərinə, Hərbi Dəniz Qüvvələrinin rəhbərinə, korpus komandirinə və digər vəzifəli şəxslərə əmr verib, onları Tərtərə gətirdiblər. Məsələn, zərərçəkən Mehman Hüseynov haqqında dövlətə xəyanət ittihamıyla 3 may 2017-ci ildə cinayət işi başlanmasını, bu barədə ictimaiyyətə məlumat verilməsini o vaxtkı Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova da gizir Elçin Əliyev göstəriş vermişdi?”, – Elçin Əliyevin vəkili Türkel Süleymanlı məhkəmədə bildirib.

  Zərərçəkmişlər Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir. Sözü gedən şəxslər ikinci dəfədir ki, mühakimə edilir.

Teqlər