Yan 01, 2025 16:35 Asia/Baku
  • “Onu Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici qüvvələr var”

Azərbaycan Respublikasının prezidenti Yeni il münasibəti ilə xalqa müraciətində Ermənistan tərəfindən ölkəsinə qarşı hansısa təhlükənin mövcud olduğunu iddia edib.

Ermənistanın genişmiqyaslı silahlanma kampaniyasına toxunan İlham Əliyev bildirib ki, bu məsələ bölgə üçün növbəti təhdid mənbəyidir və qonşu dövlətin silahlanmasının heç bir məntiqi izahatı yoxdur. Bu üzdən onlar bu təhlükəli yoldan çəkinsinlər.

O vurğulayıb ki, Ermənistanı təhrik edən və bu gün yenə də onları Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək.

İ.Əliyev xəbərdarlıq edib ki, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq.

“Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb”, - deyə ölkə başçısı qeyd edib.

O eyni zamanda xatırladıb ki, 2024-cü ilin ən ciddi uğuru həm də Ermənistanla münasibətlərin normallaşması prosesinin yeni səviyyəyə çıxması oldu: iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi başladı. Bu da 2025-ci ildə iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına olan ümidləri artırıb.

İlham Əliyev müraciətinin davamında Azərbaycan Respublikasının Gürcüstan və Ermənistanla müqayisədə daha çox stabil dövlət statusu qazandığını iddia edib. Onun sözlərinə görə, iki qonşu ölkədə baş verən hadisələr bunu təsdiqləyir. Belə ki, müstəqil xarici siyasət yeritməyə cəhd göstərən Tbilisi hökumətinə qarşı Qərbin əksər dövlətləri hücuma keçib, hətta onu sanksiyalarla hədələyib. Ermənistan isə 44 günlük müharibədən dörd il sonra hələ də özünə gələ bilmir, müstəqil dövlətə çevrilə bilməyib və xarici güclərin əlində alətə çevrilməkdədir. Azərbaycan isə çoxvektorlu xarici siyasət yürütməklə həm beynəlxalq aləmdə nüfuzunu artırmağa, həm də daxili sabitlik qazanıb.