Azərbaycanda qiymət artımları nəyin göstəricisidir?
Azərbaycan yeni ilə qaz, elektrik enerjisi, su və dərman tariflərinin əhəmiyyətli dərəcədə artması ilə başladı. Bu artımlar isə, az gəlir fonunda baş verir.
Azərbaycanda minimum əməkhaqqı 400 manat, minimum pensiya 320 manat, sosial yardım almaq üçün istifadə edilən ehtiyac meyarı isə 285 manat səviyyəsində müəyyən edilib.
Bir çox vətəndaş üçün bu səviyyələr, hətta tarif artımından əvvəl, əsas yaşam xərclərini güclə qarşılamaq üçün yetərsizdir.
Bu məsələ ilə bağlı İqtisadi Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı Qubad İbadoğlu açıqlama verib.“Bu, aşağı və orta gəlirli ailələr üçün ciddi maliyyə şokudur,” – deyə vurğulayan iqtisadçı daha sonra bildirib ki, “Hökumət xidmət keyfiyyətinin və iqtisadi sabitliyin yaxşılaşacağını vəd etsə də, bu artımlar ev təsərrüfatlarının büdcələrini gərginləşdirəcək və daha çox insanı yoxsulluğa sürükləyə bilər.”
“Bu, Azərbaycan üçün kritik bir məqamdır,” – deyə İbadoğlu qeyd edib. “Hökumət iqtisadi islahatların faydalarının ən çox ehtiyacı olanlara çatmasını təmin etməlidir.”
Bu çətin islahatları həyata keçirsə də, hökumət hələ də niyə iqtisadi praqmatizm ilə vətəndaşların sosial rifahı arasında balans yaratmağı bacarmadığını aydın izah edə bilmir.