Azərbaycandakı dini qurumlara büdcədən maliyyə yardımı:
Əliyev yəhudilərə daha çox pay ayırdı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dini qurumlara maliyyə yardımının göstərilməsi məqsədilə yəhudi icmalarına daha çox pay ayırıb.
Məlumatda bildirilir ki, prezidentin sərəncamı ilə maliyyə yardımı ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə ayrılıb.
Bununla əlaqədar Prezidentin ehtiyat fondundan Bakı şəhəri Dağ yəhudiləri dini icmasına, Avropa yəhudilərinin Bakı dini icmasına və Sefarad yəhudilərinin Bakı dini icmasına məcmuda 1 milyon 50 min manat vəsaitin ayrılması diqqət çəkir, şiə icmaları isə yardım siyahısında yoxdur, daha doğrusu bu icmaların fəaliyyəti çoxdandır yasaqlanıb. Maraqlıdır ki, Azərbaycanda bütövlükdə 16.000 yəhudi yaşayır.
Qeyd edək ki, şiə icmalarının fəaliyyətinə hər cür qadağaların tətbiq olunduğu, şiə fəallarının saxta ittihamlarla şərlənərək məhbəsə atıldığı müsəlman ölkəsində ölkə başçısının tapşırığı ilə dini tolerantlıq və multi-kulturalizm məfkurəsi altında yəhudilərin dini və siyasi fəaliyyətləri üçün hər cür şərait yaradılıb.
Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal hakimiyyətin bu siyasətindən məmnunluq ifadə edərək deyib: “Azərbaycanda yəhudi icmasının öz dininə etiqad etməsi üçün dövlət səviyyəsində dəstək göstərilir. Yəni bizə nəinki mane olmurlar, azadlıq var, həm də dəstək var. Biz dövlətə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, istənilən nazirliyə dini məsələlərlə bağlı müraciət etdikdə, onlar daim öz qapılarını bizim üzümüzə açır, bizi dinləyir və həll yolu tapmağa çalışırlar”.
Bəlkə də elə bunun əvəzində yəhudi icmaları ölkədə şiəliyi gözdən salmaq üçün hakimiyyətin siyasətinə uyğun olaraq əllərindən gələni edirlər. Bir müddət əvvəl Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev APA-ya verdiyi müsahibədə bildirib: “Azərbaycanda şiə-sünni məfhumu yoxdur və ola da bilməz. Olmasına lüzum da yoxdur”.
Faktlar onu deməyə əsas verir ki, Azərbaycan iqtidarı özünü İsrailə daha çox yaxınlatmaq üçün bu rejimin 5-ci kolonu sayılan yerli yəhudilərə dəstək olmağı özünün sabit dövlət siyasətinə çevirmişdir.