AZAL təyyarəsinin qara qutusu açılıb
İlkin hesabatda Azərbaycan tərəfinin versiyası təsdiqlənmədi
Qazaxstanın Nəqliyyat Nazirliyi AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar ilkin hesabatı yayıb.
Qazaxıstan Nəqliyyat nazirliyinin məlumatında bildirilir ki, hesabat çərçivəsində aparılan istintaq heç bir tərəfin təqsirinin və ya məsuliyyətinin müəyyən edilməsini nəzərdə tutmur.
Eyni zamanda, sənəddə qeyd olunur ki, “təqdim olunan məlumatlar ilkin xarakter daşıyır və bütün materiallar öyrənildikdən sonra ona yenidən baxıla və əlavələr edilə bilər”.
Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında deyilir ki, Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin gövdəsində çoxsaylı deşiklər aşkarlanıb. Lakin yad cisimlərin vurduğu ziyanın xarakterini və mənşəyini müəyyən etmək üçün müvafiq araşdırmalar aparılacaq və ekspertiza aparılacaq və işlər başa çatdıqdan sonra təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrinə dair yekun hesabat hazırlanacaq.
Xatırladaq ki, AZAL-ın Embraer 190 təyyarəsi 25 dekabrda Aktauda qəzaya uğrayıb. Qəza vaxtı göyərtədə 67 nəfər olub, onlardan 38 nəfər, o cümlədən təyyarənin hər iki pilotu həlak olub.
Azərbaycan tərəfi təyyarənin raketlə vurulmasında israrlıdır və prezident İlham Əliyev Rusiyanın üzr istəməsini və təzminat ödəməsini tələb etmişdir.
Bu arada Reuters agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən bildirir ki, 2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Pantsir-S” raketi ilə vurulub.
Agentliyin həmsöhbəti deyib: “Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib”.