Kremldən "Rus evi"nin bağlanmasına münasibət
Peskov: Məsələ ölkə başçıları səviyyəsində müzakirə oluna bilər
Rusiya prezidentinin mətbuat katibi deyib ki, istənilən halda Rusiya ənənəvi yaxşı münasibətləri rəhbər tutaraq Azərbaycanla yaranmış mövcud problemləri dialoq yolu ilə həll etməyi planlaşdırır.
Dmitri Peskov bildirib: “Rusiya Bakıdakı Rus Evinin işi ilə bağlı məsələni müxtəlif səviyyələrdə, hətta ola bilsin ki, ən yüksək səviyyədə həmkarları qarşısında qaldıracaq”.
Bundan əvvəl Azərbaycan fevralın 3-də Bakıdakı Rus Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə rəsmi nota göndərib.
Peskovun sözlərinə görə, Rusiya bu məsələni müxtəlif səviyyələrdə, hətta dövlət başçıları səviyyəsində müzakirə edəcək.
Bu arada Azərbaycan Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Asim Mollazadə mövzu ilə bağlı "Turan"a bildirib ki, Rus Evinin Azərbaycandakı fəaliyyətinə xitam verməyə çoxdan ehtiyac var idi: “Bu təşkilat Azərbaycanda bizim dövlət maraqlarına zidd fəaliyyət göstərirdi. Azərbaycan buna bənzər qərarı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə də həyata keçirib”.
Deputatın sözlərinə görə, Rus Evinin xarici kəşfiyyat idarəsi kimi Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur.
İttihamlara cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyilənləri "absurd" adlandırıb və deyib ki, bütün bunlar iki ölkə münasibətlərinin səviyyəsinə uyğun deyil.