İranın yol və şəhərsalma nazirinin Bakıda məhsuldar görüşləri keçirilib
Azərbaycanla İran arasında ortaq layihələr müzakirə olundu
Aprelin 8-də Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb.
Bu məlumata əsasən, görüş geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.
Azərbaycan-İran əlaqələrinin bu gün müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bununla yanaşı bir çox istiqamətlərdə, xüsusilə də ticarət, investisiya, nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib.
Qarşılıqlı ticarət dövriyyəsinin həcminin ötən il 32%-dən çox artdığı qeyd edilib. Prezidentlər tərəfindən verilən tapşırıqlara uyğun olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlər səviyyəsində birgə səylərin göstərildiyi vurğulanıb.
Həmçinin nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində inşa edilmiş yeni avtomobil və piyada körpüsü xüsusi qeyd edilib.
Energetika sahəsində əməkdaşlığın da uğurlu layihələrlə müşayiət olunduğu və nümunəvi xarakter daşıdığı bildirilib.
Bundan əlavə neft-qaz sahəsində həyata keçirilən uğurlu layihələrin önəmi vurğulanaraq bu sahədə əməkdaşlıq üçün yeni imkanların mövcud olduğu məmnunluqla qeyd edilib.
Tərəflər Azərbaycan-İran əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq mövcud potensialın reallaşdırılması istiqamətində birgə səylərin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.