Apr 13, 2025 17:10 Asia/Baku
  • Ceyhun Bayramov: Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir

Azərbaycanın xarici işlər naziri “Anadolu” agentliyinə müsahibəsində Ermənistanla sülh gündəmindən danışıb.

Ceyhun Bayramov deyib: “Təxminən bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Lakin həll edilməli olan mühüm amillər mövcuddur. Bunlardan ən önəmlisi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Bu davam etdikcə sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir”.

Nazir qeyd edib ki, Azərbaycanın daha bir şərti 1990-cı illərdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlıdır:

“ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Artıq Qarabağ məsələsi həll olunub və bu ərazilər Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edib. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik”, - deyə Azərbaycanın XİN rəhbəri vurğulayıb.

Yeri gəlmişkən bildirək ki, rəsmi Bakı Avropa İttifaqının mülki missiyasının da sərhədlərdən çıxarılmasında israrlı qalır.