Apr 14, 2025 12:45 Asia/Baku
  • Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

İki ildir həbsdə qalan vicdan məhbusu, "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.

Bildirilir ki, bağırsaqlarından yayılan şiş jurnalistin qaraciyərinə doğru metastaz verib.

Bu məlumatın yayılması Azərbaycanın ən azı siyasi çevrəsini şoka salaraq, cəzaçəkmə müəssisələrində vəziyyətin acınacaqlı olması məsələsini gündəmə gətirib.

AXCP sədri Əli Kərimli bu barədə hakimiyyəti həbsdə olan jurnalistin səhhətinə, xəstəliyinə biganə olmaqda ittiham edib, məhbusun təcili azad edilərək xaricdə müalicə almasını tələb edib.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı yaranmış vəziyyətlə əlaqədar sosial media vasitəsilə ölkə ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb. Məsuliyyətsiz təcridxana rəhbərlərinin otopleniyanı vaxtında yandırtmaması nəticəsində buz kimi qarlı havalarda ciyərlərini soyuq aldı. Bu da nəticəsi... Hərdən düşünürəm ki, qəsdən, bilərəkdən bunları etdilər. Əvəzi, bu millətin Azərbaycan üçün ürəyi yanan daha bir qeyrətli oğlunu ölməyə qoymayın! Əgər ona bir şey olarsa, bu tarixdə silinməyən qara ləkə olaraq qalacaq”.

Xatırladaq ki, Əvəz Zeynallı həbs olunan zaman onun həyat yoldaşı məhkəmənin sifarişli qərar çıxarmasına etiraz etmişdi.

Əvəz Zeynallı 2024-cü il fevral ayı keçirilən məhkəmə prosesində rüşvətxorluqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və digər əməllərdə ittiham olunaraq, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Zeynallı məhkəmədə bildirib ki, o, sifarişlə həbs edilib və məqsəd onu susdurmaqdır.

Xural internet televiziyasının rəhbəri 2011-ci ildə də həbs olunub, 3 il həbsdə saxlanılmışdı.