Bayramovdan Şimali Kiprlə bağlı vacib açıqlama:
“Lefkoşa Azərbaycanın dəstəyinə əmin ola bilər”
Azərbaycan xarici işlər naziri Mərkəzi Asiyanın türk respublikalarından fərqli olaraq ölkəsinin Şimali Kipri dəstəklədiyini vurğulayıb.
Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib: “Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv statusuna malik olan Şimali Kiprin təşkilat daxilindəki fəaliyyətini bundan sonra da dəstəkləyəcək”.
Onun sözlərinə görə, Şimali Kipr ilə Yunanıstan tərəfinin hüquqları ədalətli şəkildə təmin edilməlidir. Bütün amillər, o cümlədən tarixi, əxlaqi və beynəlxalq hüquq nəzərə alınmalıdır. Yalnız bu şəkildə nizamlanma yolu tapmaq olar”.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının üç üzvü - Özbəkistan, Qazaxıstan və Türkmənistan aprelin 4-də Səmərqənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Şimali Kipr türklərinin müstəqilliyini qeyri-qanuni hesab edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq olduqlarını ifadə edən bəyannamə imzalayıblar. Bundan əlavə, bu respublikalar Kipr Respublikasına daimi səfirlər təyin etməklə adanın yunan hissəsi ilə diplomatik əlaqələrin səviyyəsini artırıblar.
Onların bu mövqeyi həm Türkiyədə, həm də tanınmamış Şimali Kiprdə narazılığa səbəb olub.
Məsələ ilə əlaqədar Azərbaycan hakimiyyətinə yaxın politoloq Elxan Şahinoğlu bildirib ki, “Kipr Respublikası ilə sıx əlaqələr Brüsselin istəklərindən biri olub. Avropa İttifaqı Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırımlar və ortaq layihələrin reallaşmasını vəd edib. Ancaq Brüsselin bu istəyinin yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil”.
Buna baxmayaraq, Mərkəzi Asiyanın türk respublikaları öz mövqelərini dəyişmək istəmirlər.