Apr 26, 2025 14:45 Asia/Baku
  • İlham Əliyev: Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vacibliyini vurğulayıb.

Ermənistan tərəfindən bu xüsusda addımların atılmalı olduğunu bildirən dövlət başçısı bunu ATƏT-in baş katibini qəbul edərkən dilə gətirib.Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib.Öz növbəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ATƏT-in baş katibi Firidun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında bəyan edib ki, ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur.Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu məhz Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuşdu və artıq ərazilər işğaldan azad edilib. Bu səbəbdən Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur.Ceyhun Bayramov əlavə edib ki, əgər Ermənistan həqiqətən də məsələnin tam həllində maraqlıdırsa, Minsk qrupu və onunla əlaqədar strukturların fəaliyyətinin davam etdirilməsində təkid etməməlidir.Eyni zamanda nazir ATƏT-in baş katibini Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə məlumatlandırıb.