İran prezidentinin Azərbaycana səfəri nə ilə yadda qaldı? - AKTUAL
Azərbaycanlı politoloq: Bu səfər münasibətlərdə yeni mərhələnin başladığının göstəricisidir
İran İslam Respublikası prezidentinin Azərbaycana səfəri ölkənin media məkanında müsbət zehniyyətlə geniş müzakirə olunur.
Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib ki, iki qonşu ölkəni təkcə sərhəd xətti deyil, həm də ortaq dini-mədəni irs, siyasi və iqtisadi maraqlar birləşdirir. Geosiyasi baxımdan mühüm əhəmiyyətə malik olan bu münasibətlər zaman-zaman çətin sınaqlarla üzləşsə də, tərəflər hər zaman dialoqu davam etdirməyə və əməkdaşlığı genişləndirməyə sadiq qalıblar.
Onun sözlərinə görə, Azərbaycan və İran arasındakı siyasi əlaqələr çoxşaxəlidir. İki ölkə bir çox regional məsələlərdə ortaq mövqelərə malikdir. Bu baxımdan, İran prezidenti Məsud Pezeşkiyanın Bakıya səfəri mühüm hadisədir. Prezident İlham Əliyevlə keçirilən görüş zamanı tərəflər həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsinin önəmini vurğuladılar.
Politoloq qeyd edib ki, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq çərçivəsində böyük imkanlar var. “Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində İran şirkətlərinin iştirakı da liderlər tərəfindən müzakirə olunub. Prezident İlham Əliyev İran şirkətlərini Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştiraka dəvət edib. Əlavə olaraq, tərəflər sənaye kooperasiyası, birgə istehsal müəssisələrinin qurulması istiqamətində də əməkdaşlığı genişləndirmək niyyətindədirlər”, - deyə Azər Qarayev vurğulayıb.
Millət vəkili Vüqar Rəhimzadə isə Trend ilə müsahibəsində deyib: “Azərbaycan-İran əlaqələri ölkələrimizin və bölgənin inkişafı baxımından xüsusi önəm kəsb edir. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir”.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan ilə İran arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri xüsusi diqqət çəkir. Azərbaycan və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq mahiyyət daşıyan bir layihənin həyata keçirilməsində əməkdaşlıq edir. Bir sözlə, Pezeşkiyanın Azərbaycana səfərinin çox gözəl nəticələri vardır. İki dövlət başçısının Bakıda keçirdiyi görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər bir daha əminlik yaradır ki, Azərbaycan-İran əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.