İranla münasibətlərin inkişafı ekspertlərin tələbidir
İran və Azərbaycanın ortaq maraqları var - ŞƏRH
"İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri olduqca böyük əhəmiyyət daşıyır".
Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, son illərdə Azərbaycan və İran münasibətlərinin ziddiyyətlər içərisində olduğu inkarolunmaz reallıqdır. Belə bir situasiyada İran İslam Respublikası prezidentinin Azərbaycan səfəri iki qonşu ölkə arasında münasibətlərin normal məcraya yönəldilməsi üçün eyni zamanda, əməkdaşlıq sahələrinin inkişafı baxımından olduqca böyük əhəmiyyət daşıyır”.Onun sözlərinə görə, Azərbaycan və İranın ortaq maraqları kifayət qədərdir: “Bunlara ticari iqtisadi, təhlükəsizlik sahəsində əməkdaşlıq maraqlarını daxil etmək olar. Bununla yanaşı onu da nəzərə almaq lazımdır ki, Azərbaycan və İran iki önəmli dəhlizdə tərəfdaş olmaq imkanına da malikdirlər. Azərbaycan və İran həm Şərqi Qərblə, həm də Şimalı Cənubla birləşdirəcək dəhlizlər üçün ortaq fəaliyyət göstərmək imkanlarına malik dövlətlərdir. Mövcud qlobal situasiya hər iki ölkənin münasibətlərinin daha pozitiv istiqamətlərə yönəldilməsini diktə edir. Elçin Xalidbəyli qeyd edib ki, Azərbaycan da balanslı və çox vektorlu xarici siyasət yürütməyə üstünlük verir. Öz növbəsində İran “3+3″ formatının təmsilçisidir. Bu baxımdan Azərbaycanla İran arasında münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur.