May 02, 2025 13:06 Asia/Baku
  • Azərbaycan-İran münasibətləri üçün yeni imkanlar formalaşıb - ŞƏRH

Azərbaycan-İran münasibətləri üçün yeni imkanlar formalaşıb.

Bunu Trend Xəbər Agentliyinə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov deyib.

O bildirib ki, İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycan Respublikasına səfəri iki ölkə arasında əlaqələrin gələcək konturlarını və perspektivlərini nümayiş etdirir.

Ekspert fikirlərini belə izah edib: “Bizim İranla iqtisadi-ticari mənada əlaqələrimiz rəqəmlərlə ehtiva olunur və bu rəqəmlər də pozitiv məqamlara köklənməyimizə imkan yaradır. Eyni zamanda, Azərbaycan-İran münasibətlərində regional əməkdaşlıq perspektivlərini də nəzərdən keçirməliyik. Azərbaycan tərəfindən təşviq edilən və İranın da dəstəklədiyi 3+3 platformasında həm Azərbaycan, həm də İran vacib aktorlar qismində iştirak edirlər. Ötən il Azərbaycanla İran arasında Tehran memorandumu imzalanıb ki, bu da kölgə münasibətləri üçün müstəsna əhəmiyyətə malikdir”.

T.İsmayılov qeyd edib ki, hər iki ölkənin əməkdaşlığında Araz vadisinin xüsusi əhəmiyyəti və çəkisi olacaq. İstənilən halda Azərbaycan və İran arasında hazırlanan sənədlərdə də əlaqələrin bir çox sahələr üzrə dərinləşdirilməsi nəzərdə tutulub. Xüsusən bu razılaşmalar içərisində media sahəsində iki ölkə arasında müəyyən anlaşmaların əldə edilməsi vacib əhəmiyyətə malikdir.

Nəqliyyat məsələləri üzrə ekspert Fuad Əliyev qeyd edib ki, Azərbaycanla İran arasında olan yollar və dəhlizlər həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edir: "Bu yollar regionda ticarətin, nəqliyyatın və enerji axınının əsas arteriyalarından biridir və həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əməkdaşlıq üçün vacibdir. Azərbaycan İran üçün Xəzər regionundan Qafqaza, Rusiyaya və Avropaya çıxış imkanını artırır. İran da eyni şəkildə Azərbaycan üçün Fars körfəzi və Orta Şərq bazarlarına çıxış imkanı yaradır".