Dek 13, 2025 13:10 Asia/Baku
  • Boraltan olayı təkrarlanacaqmı? - TƏHLİL

Azərbaycanlı politoloq Fuad Qəhrəmanlı sosial mediada paylaşdığı məqalədə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli məsələsində Boraltan faciəsinin təkrarlana biləcəyini qeyd edərək Ərdoğanı Azərbaycan xalqının rəyini nəzərə almağa çağırıb.

Sabiq millət vəkili Gültəkin Hacıbəyli noyabrın 30-dan İstanbulda Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır və hər an Azərbaycana deportasiya olunma təhlükəsi ilə üz-üzədir. Yayılan xəbərə görə G-82 koduna uyğun olaraq "xarici terror təşkilatının üzvü" kimi ona qarşı xüsusi sərt nəzarət rejimi tətbiq olunub.

Politoloq Fuad Qəhrəmanlı Türkiyə hökumətinin bu gedişinə etiraz olaraq yazır: “Bu məsələdə Türkiyə hakimiyyəti mənfi qərar verərsə, bu təkcə Gültəkin xanıma münasibətdə ədalətsiz davranış kimi görünməyəcək, həm də Boraltan faciəsinin acı xatirəsini milli yaddaşımızda yenidən canlandıraraq, ölkəmizdə Türkiyəni sevənləri dərin bir məyusluğa, xəyal qırıqlığına düçar edəcək. Ona görə də Türkiyə iqtidarı Azərbaycan hakimiyyətinin Gültəkin xanımı geri istəmə tələbini nəzərdən keçirərkən, Azərbaycan cəmiyyətinin Türkiyəyə olan gözləntisini də mütləq nəzərə almalıdır”.

Xatırladaq ki, Boraltan qətliamı 1944-cü ildə baş verib və bu, Sovet İttifaqı tərəfindən 146 azərbaycanlı ziyalının qətlə yetirilməsi ilə nəticələnən faciədir. O zaman nasistlərlə əməkdaşlıq ittihamı ilə SSRİ tərəfindən axtarışda olan ziyalılar Araz çayı üzərindəki Boraltan körpüsündən keçərək Türkiyəyə sığınır. Lakin dövrün prezidenti İsmət İnönü azərbaycanlıların Sovet hökumətinə qaytarılmasına qərar verir və onların hamısı Boraltan körpüsündə türk əsgərlərinin gözləri önündə kommunist rejimi tərəfindən güllələnir.

Beləliklə də Türkiyə hazırda dilemma qarşısındadır: siyasi fəalı Bakıya təhvil versin ya əksinə, hüquqi normalara əməl etsin?

Beynəlxalq öhdəliklərə görə siyasi motivli təqiblər əsasında axtarışda olan şəxslərin təhvil verilməsi Türkiyənin imicini korlaya bilər. Bununla yanaşı geri göndərilən şəxsin ədalətli mühakiməsinə şübhə varsa, ekstradisiya problemli sayılır və bu məsələ Türkiyə üçün beynəlxalq hüquqi məsuliyyət yarada bilər.