Tiflisdə güclü daşqın
İyun 14, 2015 10:40 Asia/Baku
Tiflisdə baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Səhər beynəlxalq telekanalının İnterfaks-a istinadən verdiyi xəbərə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 11 nəfərin həlak olduğunu bildirib. Onlardan 3-nün qadın və bir nəfərin zoopark işçisi olduğu qeyd edilib. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin aşkarlandığını bildirib.Hazırda ölənlərin sayı dəqiqləşdirilir.
Tiflisin bir neçə mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb.
Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdıqları da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunublar.
Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş sayılır.