Ban Ki Mun Ramazan ayında Yəməndə atəşkəsin təmin olunması ilə bağlı çağırış etdi
İyun 15, 2015 19:50 Asia/Baku
BMT baş katibi Ban Ki Mun mübarək Ramazan ayı ilə bağlı yəmənlilərə humanitar yardımların çatdırılmalı olduğunu bildirərək, Yəməndə ən az ikihəftəlik atəşkəs elan olunmasına çağırış edib.
Səhər beynəlxalq telekanalının verdiyi xəbərə görə, dünən Ban Ki Mun BMT-nin Cenevrədəki ofisində Ərriyad nümayəndə heyəti və Yəməndəki sülh prosesinə dəstək olan ölkələrin nümayəndələri ilə ayrı-ayrılıqda görüşüb.Toplantılardan sonra mətbuat konfransı keçirən BMT baş katibi Yəmən hökuməti nümayəndələri ilə çox konstruktiv görüşlər keçirdiyini, daha sonra da sülh prosesinə dəstək verən ölkələrin Yəmən səfirlərini məlumatlandırdığını deyib.
"Bu gün Yəmənin mövcudluğu təhlükədədir, tərəflər bir-biri ilə vuruşur və Yəmən yanır" ifadəsini işlədən Ban, tərəflərə müharibəyə son qoyulması və sülh prosesinin başladılması ilə bağlı çağırış edib.
BMT baş katibi Yəmən xalqının 80 fazinin humanitar yardıma möhtac olduğunu və bunun üçün təcili hərəkətə keçməyin lazım olduğunu qeyd edib.
"Ən az iki həftəlik insani atəşkəs edilməli olduğunu vurğuladım. Ramazan ayı insanların sülh, harmoniya və razılaşma üçün dua etdiyi bir aydır və Yəmən xalqı da Ramazan ayında sülhü yaşamalıdır", - deyə Ban Ki Mun bildirib.