ABŞ-ın Kaliforniya Ştatında 5 cəsəd aşkar edilib
İyul 19, 2015 13:49 Asia/Baku
-
ABŞ-ın Kaliforniya Ştatında 5 cəsəd aşkar edilib
ABŞ-ın Kaliforniya Ştatında polis bir evdə 5 cəsədin aşkar edilməsindən xəbər verib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Kaliforniya Ştat polisi bildirib ki, bu cəsədlər, polisə telefon edildikdən və elan olunmuş ünvana patrul dəstəsinin göndərilməsindən sonra aşkar edilib. Hələ ki, cəsədlərin kimliyi müəyyən edilməyib. Cinayət məkanına ilkin baxış nəticəsində aydın olub ki, bu şəxslərin hamısı qətlə yetirilib.Başqa bir məlumata görə, ABŞ-ın Çikaqo şəhərində baş vermiş silahlı insident nəticəsində bir nəfər həyatını itirib.
"Chicago Tribune" qəzetinin yazdığına görə, özünü polis kimi təqdim edən bir şəxs odlu silahdan atəş açaraq, bir nəfəri qətlə yetirib. Bu xəbəri təsdiq edən ABŞ polisi daha bir silahlı insidentin də Kaliforniyada, şose yolunda baş verdiyini bildirib. 2 nəfərin yaralanması ilə nəticələnən bu hadisə avtomobillərin hərəkətində də böyük tıxacın yaranmasına səbəb olub. Qorxuya düşən sərnişinlər avtomobilləri tərk edərək, hadisə yerindən qaçmağa çalışıblar. Bu arada Çikaqo şəhər polisinin rəisi Qari Mək Karti ötən bazar ertəsi günü şəhərdə baş vermiş ayrı-ayrı silahlı insidentlər nəticəsində 10 nəfərin həyatını itirməsinin ardınca Çikaqoda silah gəzdirmək qaydalarının sərtləşdirilməsini istəmişdi. ABŞ polisi son zamanlar Çikaqoda baş vermiş 33 silahlı insident nəticəsində 10 nəfərin həyatını itirməsindən xəbər verib.