İyul 19, 2015 19:34 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Moskva və Qərb arasında gərginliyin davam etdiyi bir şəraitdə Rusiya prezidenti bu ölkə ordusunun hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün ehtiyat hərbi qüvvələrin yaradılması barədə göstəriş verib.

Rusiya prezidenti Vladimir Putin yeni ehtiyat hərbi qüvvənin yaradılması ilə bağlı imzaladığı fərmanda bu ölkə hökumətinə belə bir qüvvənin yaradılması üçün lazım olan büdcənin təmin edilməsi barədə göstəriş verib. Prezidentin fərmanında "sınaq" adlandırılan bu layihə ordunu tərk edən hərbçilərə 3 illik müqavilə əsasında və yarımştat iş rejimi ilə hərbi xidmətə cəzb olunmaq imkanı vermiş olur.
Ehtiyatda olan bu hərbi qüvvə Rusiya ordusunun hazırda ehtiyatda olan qüvvələrindən ayrı olacaq. Çünki, onlara aylıq olaraq yarımştat işçi kimi əmək haqqı veriləcək. Həmçinin, onlar davamlı olaraq hərbi təlimlər keçməlidirlər.
Rusiya Müdafiə Nazirliyinin rəsmiləri bundan öncə bildirmişdilər ki, yeni ehtiyat hərbi qüvvənin təşkil edilməsi üçün ilk mərhələdə 5 min nəfər əməkdaşlığa cəzb ediləcək. Bu isə Rusiyanın hazırkı 750 min nəfərlik ordusu ilə müqayisədə çox kiçik bir rəqəmdir.
Belə bir ehtiyat qüvvənin yaradılması uzun illər mübahisə mövzusu olmuşdu və Vladimir Putin ilk dəfə 2012-ci ildə, ikinci dəfə prezident seçilməsindən az sonra belə bir qüvvənin yaradılması barədə göstəriş vermişdi.
Rusiya mediaları bildirirlər ki, bu qüvvənin yaradılması büdcə çatışmazlığı üzündən təxirə salınmışdı.
Yeni ehtiyat hərbi qüvvənin yaradılması ilə yanaşı, Putin son zamanlar bildirib ki, yeni silahların istehsal edilməsi ölkənin hərbi potensialını artırmaqla yanaşı, iqtisadiyyatın inkişafına da böyük təkan vermiş olacaq.
Putinin dediyinə görə, Rusiya dövləti eyni zamanda bildirib ki, Rusiya ordusunun yeni silahlarla təmin edilməsi üçün ayrılan büdcənin həcmi 30%-dən 70%-ə qədər artırılıb.
Ukraynada böhranın baş qaldırması və Krımın Rusiyaya birləşdirilməsinin ardınca Rusiya və ABŞ arasındakı gərginlik hərbi-strateji müstəvidə xeyli artıb. Eyni zamanda NATO-nun şərqə doğru genişlənməsi və Rusiya sərhədlərinə yaxınlaşması, ABŞ-ın şərqi Avropada RƏM sistemi quraşdırması ilə Moskva silahlanma rəqabətinə daxil olmuş olub.

Teqlər