Avropada təhlükəsizlik tədbirləri gücləndirilib
Noy 15, 2015 13:03 Asia/Baku
Cümə günü gecə Parisdə törədilmiş qanlı hücumlarda azı 129 nəfərin öldüyü və 350-dən çox insanın yaralandığı bir halda, informasiya vasitələri Avropa paytaxtlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən xəbər verirlər.
Bu istiqamətdə Avropa paytaxtlarında təhlükəsizlik tədbirləri gücləndirilib və Avropa dövlətləri də nazirlər kabinetlərinin fövqəladə iclaslarını keçiriblər. Bu qəbildən, Parisdəki idarə binalarının ətrafında və bir neçə digər Avropa paytaxtında, o sıradan Vyanada təhlükəsizlik tədbirləri gücləndirilibdir. Vyana Suriya böhranı barədə beynəlxalq danışıqlara ev sahibliyi edirdi. İngiltərənin Xarici İşlər Nazirliyi Fransaya səfər barədə öz vətəndaşlarına tövsiyələr edib və onlardan istəyibdir ki, ümumi məkanlarda təhlükəsizlik tədbirlərinə riayət etsinlər.Əksər Avropa ölkələri, xüsusən Fransa ilə qonşu ölkələr öz sərhədlərində güclü təhlükəsizlik tədbirləri görüblər. Belçika da öz vətəndaşlarından istəyibdir ki, Fransa ilə cənub sərhədlərinə hər cür qeyri-zəruri səfərdən çəkinsinlər.
Avstriya, Almaniya, İtaliya, İspaniya və Polşa da fövqəladə iclaslar keçiriblər. Belə bir halda, Avropa İttifaqına üzv ölkələr şənbə günü müştərək bir bəyanatda bildiriblər ki, Fransanın təhlükəsizliyi üçün əllərindən gələni edəcəklər.
Bu arada bəzi Avropa ölkələri də bu vəziyyətdən sui-istifadə ediblər və terrorçuların daxil olmalarının qarşısını almaq bəhanəsilə mühacirlərin daxil olmalarına mane olublar. Bu istiqamətdə Polşanın Avropa məsələləri naziri Konrad Şimanski şənbə günü bildirib ki, Parisdəki terror hücumlarının ardınca Varşava Avropa İttifaqı tərəfindən təyin olunmuş paya əsasən, mühacirləri qəbul etməkdən çəkinəcəkdir.
Belə bir halda, İŞİD-in Rusiyada terror hücumları həyata keçirmək üzrə hədəsinə əsasən, eləcə də Fransadakı son hücumlara reaksiyada Rusiyanın baş nazir müavini Dmitri Roqozin şənbə günü bu ölkədə önləyici müdafiə tədbirlərinin gücləndirilməsindən xəbər verib.