Rusiya kürdlərin Suriya müzakirələrində iştirakını vurğulayıb
-
Rusiya kürdlərin Suriya müzakirələrində iştirakını vurğulayıb
Rusiya xarici işlər naziri suriyalı kürd siyasi qüvvələrin Suriya müzakirələrində iştirakını istəyib.
IRNA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı günü suriyalı müxaliflərin rəhbəri Randa Kassislə görüşdə suriyalı kürd qruplar daxil olmaqla Suriyadakı bütün siyasi qüvvələrin bu ölkənin sülh müzakirələrində iştirakı vacibliyini vurğulayıb.
Rusiyanın xarici işlər naziri deyib: Suriya Himayəçiləri Beynəlxalq Qrupunun Münhen iclasında əldə olunmuş razılaşmalar və 2254 saylı qətnamənin maddələrinə uyğun olaraq, Moskva və Vaşinqton razılaşmalarını qəbul edən bütün müxalif siyasi qruplar müzakirələrdə iştirak etməlidirlər.
Lavrov və Kassis həmçinin Suriyada fəaliyyət göstərən terror qrupları, o sıradan İŞİD ilə ardıcıl mübarizə, habelə atəşkəsin icrasına dəqiq nəzarət zərurətini vurğulayıblar.
Suriya müzakirələri BMT baş katibinin nümayəndəsi Stefan de Misturanın nəzarəti altında bazar ertəsi günü Cenevrədə başlanacaq və Suriya dövlətinin nümayəndə heyəti və müxalif qrupların nümayəndələri müzakirə aparacaqlar.
Suriya müzakirələrinin Münhendə keçirilmiş öncəki dövründə Türkiyənin israrı ilə heç bir kürd siyasi qrupu, o sıradan Suriya Demokratik Partiyası iştirak etmədi.