Ərdoğan: Almaniya terrorizmi himayə edir
Türkiyə prezidenti Almaniya rəsmiləri ilə söz atışmasının davamında Berlini terrorçulara kömək etmək və sığınacaq verməkdə suçlayıb.
Əl-Aləm televiziyasının məlumatına görə, Almaniya rəsmiləri Türkiyədə konstitusiyaya dəyişikliklər haqda Almaniyada nəzərdə tutulmuş üç iclası ləğv ediblər. Bunun ardınca isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya əleyhinə sərt çıxış edib.
Ərdoğanın gücünü möhkəmləndirməsi üçün şərait yaradan Türkiyə Konstitusiyasında əlavələrlə bağlı 16 apreldə referendumun keçirilməsi qərara alınıb.
Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişindən sonra başlanan Berlin və Ankara arasındakı gərginlik, əsasən Almaniyanın De Volt qəzetinin Türkiyədəki jurnalisti Deniz Yücelin terrorizmi təbliğ etmək ittihamı ilə həbs olunmasından sonra daha da şiddətlənib.
Ərdoğan cümə günü etdiyi çıxışında Yüceli PKK-nın nümayəndəsi və Almaniyanın məmuru adlandırıb.
Bu arada, Yücelin həbs olunmasını tənqid edən Almaniya kansleri Angella Merkel cümə günü Türkiyədə mətbuat azadlığının pozulması ilə bağlı tənqidləri müdafiə edib.
Türkiyə ilə Almaniya arasında gərginliyin davam etməsi fonunda qeyd edək ki, Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişindən sonra bu ölkənin onlarla diplomatı həbs və mühakimə qorxusundan Almaniyaya sığınıb və bununla bağlı müraciət edib.
Almaniya hökuməti bu diplomatların əksəriyyətinin qəbul olunması ilə razılaşıb.
Türkiyədə çevriliş cəhdinin məğlub olduğu 2016-cı il 15 iyuldan sonra bu ölkə rəsmiləri, ordu, polis, ədliyyə qurumunda çoxlu sayda işçi, müxalif siyasi nümayəndələr, incəsənət işçiləri, jurnalistlər, yazarlar və universitet müəllimlərinin həbsinə göstəriş veriblər.
Avropa Birliyi Türkiyə hökumətini siyasi müxaliflərlə haqq-hesabı çürütmək üçün çevriliş hadisəsindən istifadə etməkdə suçlayıb.