Şimali Koreya raket sınaqlarını davam etdirir
Xəbərdarlıqlara baxmayaraq Şimali Koreya başqa bir raket sınağı keçirib.
Cənubi Koreya KİV-nin məlumatına görə, bu sınaq bazar günü Koreya yarımadasının şimal-qərbində Kusanq bölgəsi sahillərində keçirilib.
Yunhab İnformasiya Agentliyi sınaqdan keçirilən raketin ballistik olduğunu ehtimal edib.
NBC xəbər televiziyası da məlumat verib ki, Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn bu sınağa reaksiya olaraq məsələnin araşdırılması üçün Milli Təhlükəsizlik Şurasının iclas keçirməsini istəyib.
Şimali Koreyanın bu raket sınağı Cənubi Koreyanın yeni prezidentinin iqtidara gəlməsindən sonra ilk hərbi hərəkəti hesab olunur.
BMT qətnamələrinə baxmayaraq öz nüvə və raket sınaqlarını durmadan artıran Pxenyan ötən ay da iki sınaq keçirdi, lakin hər iki sınaq uğursuz idi.
Şimali Koreya bildirib ki, ABŞ və müttəfiqlrinin Pxenyana qarşı hərbi hərəkət və təhdidlərinə görə, bu ölkəyə qarşı ehtimal olunan hücumların qarşısını almaq üçün öz nüvə və raket proqramını davam etdirəcək.