Şimali Koreya əleyhinə əlavə saknksiyalar qanunu təsdiq edildi
BMT Təhlükəsizlik Şurasının üzvləri Şimali Koreyaya qarşı sanksiyaların artırılması ilə bağlı ABŞ tərəfindən təklif edilmiş qətnamə layihəsini qəbul ediblər.
BMT Təhlükəsizlik Şurasının Şimali Koreya əleyhinə sanksiyaların artırılması üzrə qətnamənin lehinə səs verməsinin ardınca Rusiyanın BMT-dəki nümayəndəsi Şimali Koreya ilə danışıqların aparılmasını istəyib və bu məsələyə laqeyd münasibətin BMT TŞ-də fikir ayrılığının yaranmasına səbəb olacağını deyib.
Rusiyanın qənaətinə görə, Koreya Yarımadasına hakim kəsilmiş hazırkı gərginlik atmosferinin dəyişdirilməsi diplomatik səylərə və gərginliyin mərhələli şəkildə azaldılmasına ehtiyaclıdır.
Buna baxmayaraq, İngiltərənin BMT-dəki nümayəndəsi yeni qətnamənin Şimali Koreyanın qaz və toxuculuq sənayesini hədəfə aldığını deyərək, əlavə edib: Şimali Koreya əleyhinə misilsiz və son dərəcə ağır sanksiyalar tətbiq edilib.
ABŞ, Yaponiya və Cənubi Koreyanın Koreya Yarımadasındakı artan hərbi fəaliyyətlərinə etiraz olaraq, Şimali Koreya cari ilin əvvəlindən indiyə kimi bir neçə ballistik raket sınağı həyata keçirib. Ən son raket sınağı zamanı Şimali Koreyanın atdığı ballistik raket Yaponiya üzərindən keçərək, Hokkaydo adasının yaxınlığında okean sularına düşmüşdü.
Şimali Koreyanın son nüvə sınağı zamanı istifadə etdiyi nüvə başlığı isə Nüvə Silahların Qadağa Təşkilatının verdiyi məlumata əsasən ABŞ-ın Xerosimaya atdığı atom bombasından 10 dəfə daha güclü olub.
Şimali Koreya dəfələrlə bildirib ki, ABŞ-ın Pxenyana qarşı təhdidlər və təzyiqlərini davam etdirdiyi zamana kimi öz raket və hərbi nüvə proqramlarını davam etdirəcək və ABŞ və digər düşmənlər qarşısında önləyici qüdrət olaraq öz hərbi nüvə potensialını artıracaq.