Kim Çen İn ABŞ prezidentini "şizofren" adlandırdı
Şimali Koreyanın rəhbəri ABŞ prezidenti Donald Trampın Pxenyan əleyhinə səsləndirdiyi fikirlərə cavab olaraq deyib: Tramp "şizofren"dir və Pxenyanı təhdid etməsi ona baha başa gələcək.
Frans Press-in verdiyi məlumata görə, Kim Çen İn daha sonra Trampın Pxenyanı hərbi hücumla hədələməsinə işarə edib və deyib: ABŞ-ın ali rəhbəri vəzifəsində olan adamın BMT Baş Assambleyasındakı çıxışı və Şimali Koreyanı xarabalığa çevirməsi ilə təhdid etməsi ona çox baha başa gələcək.
Donald Tramp çərşənbə axşamı BMT Baş Assambleyasında etdiyi çıxışında dünyada sülh barədə iddialara malik olmasına rəğmən bir sıra ölkəni təhdid etdi.
Tramp Şimali Koreya barədə dedi: Pxenyan nüvə məsələsində güzəştə getməzsə, Birləşmiş Ştatlar Şimali Koreyanı tamamilə məhv etməyə məcbur olacaq.
O, daha sonra Şimali Koreyanın rəhbərini "Raket adam" adlandırıb və deyib: Kim özü, xalqı və ölkəsi üçün intihar əməliyyatına başlayıb.
Tramp həmçinin, cümə axşamı yeni bir fərman imzalayaraq, Xəzinədarlıq Nazirliyinə Şimali Koreya ilə ticarət əlaqələrinə malik olan həqiqi və hüquqi şəxsləri habelə, şirkətləri sanksayalara məruz qoymaq icazəsi verib.
Şimali Koreya ötən aylar ərzində ardıcıl raket və nüvə sınaqları həyata keçirməsinə görə ciddi sanksiyalara məruz qalıb.
Pxenyan ABŞ və müttəfiqlərinin Şimali Koreya əleyhinə təhdidlərinin davam etdiyi zamana kimi öz raket və hərbi nüvə fəaliyyətlərini davam etdirəcəyini bildirir.