Quterreş: Myanmanın qərbindəki durum "insan kabusu"na çevrilibdir
BMT-nin baş katibi Myanma hökumətini bu ölkənin qərbində müsəlmanlara qarşı hücumları dayandırmağa və onlara humanitar dəstəyin verilməsinə zəmin yaratmağa çağırıb.
Antonio Quterreş cümə axşamı günü Myanmadakı müsəlmanların vəziyyətinin araşdırılması üçün təşkil edilən BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısında bu ölkənin qərbindəki vəziyyətin "insan və insan haqları kabusu"na çevrildiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatının baş katibi məlumatların "Myanma ordusunun və buddistlərin zorakılıq, ciddi insan haqları pozuntuları, hədəfsiz atəşaçmalar, minalardan istifadə və Ruhinqa müsəlmanlarına qarşı cinsi zorakılığa əl atmalarından söz açdığını bildirib və bu durumun qəbuledilməz olduğunu vurğulayıb.
Quterreş habelə Myanma dövlətindən istəyibdir ki, Banqladeşə qaçmış Ruhinqa müsəlmanlarının təhlükəsiz, könüllü, layiqli və davamlı qayıdışına zəmanət versin.
Avqustun 25-dən bəri, Myanma ordusunun bu ölkənin qərbindəki Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı repressiv və təcavüzkar hücumlarının yeni mərhələsində altı min nəfərdən çox insan öldürülüb, səkkiz min nəfər də yaralanıbdır. Yüz minlərlə Ruhinqa müsəlmanı da Banqladeşə qaçmağa məcbur olubdur.