London, Berlin və Paris nüvə anlaşmasına sadiq olduqlarını vurğulayıblar
İngiltərə, Almaniya və Fransanın dövlət başçıları dünən gecə Avropa Birliyinin Brüsseldə keçirilən sammitinin kənarında görüşərək, məşvərət aparıblar.
İngiltərə dövləti bir bəyanatda bildirib ki, bu ölkənin baş naziri Tereza Mey, Almaniyanın kansleri Angela Merkel və Fransanın prezidenti Emmanuel Makron bu görüşdə ölkələrinin nüvə anlaşmasına sadiq qaldıqlarını vurğulayıblar.
Avropa ölkələrinin digər rəsmiləri, həmçinin Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də son aylarda dəfələrlə vurğulayıblar ki, nüvə anlaşması beynəlxalq ictimaiyyətə aiddir. Onlar bu beynəlxalq anlaşmanı himayə ediblər.
Fransa xarici işlər nazirliyinin sözçüsü bir bəyanatda nüvə anlaşmasının qorunması vacibliyini vurğulayıb və deyib ki, ölkəsi özünün avropalı şərikləri ilə bu istiqamətdə səy göstərir. O, ABŞ-ın hazırda bu anlaşmaya sadiq qaldığını bildirərək, ümidvarlıq edibdir ki, bu ölkə həmin mövqedə qalacaqdır.