Ermənistanda hökumət əleyhinə aksiyalar davam edir
Serj Sarkistanın Ermənistanın baş nazir seçilməsi ölkəni qarşışdırdı.
Ermənistan xalqının artıq bir neçə gündür ki, paytaxt İrəvanda aksiya keçirməsinə və hakim partiyanın eks-prezident Serj Sarkisyanın baş nazirlik postuna namizədliyini irəli sürməsinə öz etirazını bildirməsinə baxmayaraq, Ermənistan parlamenti iclas təşkil edərək, səs çoxluğu ilə Sarkisyanın baş nazir seçilməsini təsdiqləyib.
Serj Sarkisyan isə prezident olduğu müddətdə ölkəni gülüstana çevirdiyini iddia edərək, deyib: “Bəziləri mənim prezident olduğum ötən 10 ildə ölkədə hansısa inkişafın olmadığını və ölkəni fəlakətə sürüklədiyimi deyirlər.”
Etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan da elə bu düşüncəyə malik olanlardan biridir. O, bu gün İrəvanda on minlərlə insanın qatıldığı etiraz aksiyasında etdiyi çıxışında xalqı ictimai itaətsizliyə dəvət edərək, Sarkisyanın yenidən Ermənistan hakimiyyətini ələ keçirməsinə icazə verilməməsini istəyib. Ermənistanın yeni konstitusiyasına əsasən baş nazir prezidentdən daha geniş səlahiyyətlərə malik olacaq.
Nikol Paşinyan deyir: “Sarkistan iki dövr prezident olub və onun prezidentliyi dövründə xalqın problemləri daha da artıb. Bu vəziyyətin davam etməsinə icazə vermək olmaz.”
Sarkisyanın baş nazirlik postunu ələ keçirməsi ilə müxalif olan xalq isə artıq bir neçə gündür ki, paytaxt İrəvanın mərkəzi küçələrini ələ keçirərək, avtomobillərin hərəkətinə icazə vermirlər. Onlar mövcud vəziyyətin dəyişilməsini istəyirlər.
Ermənistan polisi isə paytaxtı qapalı hərbi zonaya çevirərək, dövlət binalarının ətrafını tikanlı tellər ilə çəmbərə alıblar.
Etirazlara baxmayaraq Sarkisyan bir daha Ermənistan hökumətini ələ keçirib və tezliklə nazirlər kabinetini təşkil etməlidir. Amma, müxalifləri ona belə bir icazə verməyəcəklərini deyirlər. İndi, ölkədə durumun daha da gərginləşməsi ehtimalı bütün tərəfləri ciddi narahat edən əsas məsələdir.