Ermənistan müxalifətinin lideri baş nazir postunu tutmağa hazır olduğunu bildirib
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir postunu tutmağa hazır olduğunu bildirib.
APA-nın verdiyi xəbərə görə, N.Paşinyan baş nazir seçiləcəyinə əmin olduğunu vurğulayıb: “Əgər xalq bu məsuliyyəti üzərimə qoyarsa, baş nazir olmağa hazıram. Böyük ehtimalla, belə də olacaq”.
Ermənistan müxalifətinin lideri seçicilərin 90 faizinin onu dəstəklədiyinə əmin olduğunu bildirib.
“Ermənistanın baş naziri Respublika partiyasının üzvü yox, xalqın nümayəndəsi olmalıdır”, - deyə Nikol Paşinyan qeyd edib.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib. Aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaların rəhbəri Nikol Paşinyanla görüşüb.
Saakyan Paşinyanla görüşü zamanı mübahisəli məsələlərin dialoq yolu ilə həllinin zəruri olduğunu bildirib.
Bundan əvvəl Ermənistanda müxalifət lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılan danışıqlar ləğv edilib.
Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan prezident Armen Sarkisyana müraciət edərək ölkədə yaranmış vəziyyətdən çıxmaq üçün geniş siyasi müzakirələr təşkil etməyə və, lazım gəldikdə, növbədənkənar parlament seçkilərinin keçirilməsinə təşəbbüskarlıq etməyə çağırıb.