Nyu-Yorkda sionizm əleyhinə aksiya
Sionist rejimin fələstinlilərə qarşı cinayətlərinə etiraz edən yüzlərlə nəfər ötən gün Nyu-Yorkun Menhetten bölgəsinin Tayms meydanında aksiya keçirib.
İRNA-nın məlumatına görə, aksiya iştirakçıları Fələstin bayrağını əllərində tutaraq və "Fələstin azad olunmalıdır", sionist rejimin cinayətlərini qınayın" və "Ləbbeyk Ya Fələstin" şüarları verərək fələstinliləri dəstəkləyiblər.
Sionizm əleyhinə yəhudi ravvinlər, eləcə də sülh və hüquq fəallarının iştirak etdiyi aksiyada natiqlər sionist rejim hərbçilərinin fələstinliləri qırğın etməsini qınayaraq bu rejimin işğal olunmuş Fələstin ərazilərindən çıxmasını və didərgin fələstinlilərin öz ərazilərinə qayıtmalarını istəyiblər.
Aksiyada anti-müharibə və sülhə dəstək qrupları öz hüquqlarını əldə edəcəyi zamanadək Fələstin vətəndaşlarına dəstəklərii elan ediblər.
ABŞ-da sionistlər əleyhinə aksiyanın keçirilməsi ilə yanaşı qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları İstanbul fövqəladə zirvə toplantısında bir bəyanat qəbul edərək sionistlərin fələstinlilərə qarşı cinayətlərinin araşdırılması üçün komitənin təşkil olunmasını istəyiblər.
Fələstin vətəndaşlarının sionist rejimin işğalçılıqları və ABŞ səfirliyinin Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsinə qarşı aksiyalarında indiyədək 60-dan çox fələstinli Qüds işğalçıları tərəfindən şəhid edilmiş və üç mindən çox fələstinli yaralanmışdır.