İyun 01, 2018 10:05 Asia/Baku
  • Amerikanın ticarət tariflərinə qarşı reaksiyalar davam edir
    Amerikanın ticarət tariflərinə qarşı reaksiyalar davam edir

Avropa ölkələri Amerikanın Avropa Birliyindən polad və alüminium idxalatına gömrük rüsumlarının tətbiq olunmasına dair qərarını qanunsuz və beynəlxalq qanunlara zidd adlandırıblar.

Elisey sarayı bir bəyanatda bildirib ki, Fransanın prezidenti Emmanuel Makron dünən gecə ABŞ prezidenti Donald Tramp ilə telefon söhbətində deyib ki, onun Avropa Birliyindən polad və alüminium idxalatına gömrük rüsumlarının tətbiq olunmasına dair qərarı qanunsuz və yanlışdır.

Elisey sarayı bu bəyanatda vurğulayıb ki, Avropa Birliyi Trampın qərarına qətiyyətli və münasib bir cavab verəcəkdir.

Fransanın iqtisadiyyat naziri Bruno Lomer də dünən gecə deyibdir ki, avropalılar ABŞ-ın onların yaxın müttəfiqlərinə qarşı polad və alüminium idxalatına gömrük rüsumlarının tətbiq olunmasına dair qərarını dərk edə bilmirlər və bu qərar qəbuledilməz olaraq, dünya iqtisadiyyatı üçün ağır nəticələr gətirəcəkdir.

İngiltərənin beynəlxalq ticarət naziri Liam Foks da deyib: Təəssüfləndirici haldır ki, Amerika milli təhlükəsizlik bəhanəsilə polad və alüminium idxalatına gömrük rüsumları tətbiq etsin. O, İngiltərənin ixrac etdiyi poladın Amerikanın müdafiə sənayesində istifadə olunduğunu bildirib və Ağ Evin bu barədəki qərarını ağılsız qərar adlandırıbdır.

Belə bir halda, İngiltərənin polad sənayesi də bildiribdir ki, metalların idxalatı üzrə tarifin artırılması nəinki bu ölkəyə, həm də Amerika iqtisadiyyatına xəsarət vuracaqdır.

Avropa Birliyi də bildiribdir ki, bu məsələyə reaksiyada və cavab addımında bəzi məşhur amerikan brendlərə ağır rüsumlar tətbiq edəcəkdir.

ABŞ prezidenti martın 8-də polad idxalına 25, alüminium idxalına isə 10 faizlik rüsum tətbiq etmək qərarından xəbər verdi və 2018-ci il mayın birindən etibarən bir ay müddətinə Avropanı bu qərardan müstəsna etdi.

Bu gün həmin biraylıq möhlət bitir və polad və alüminium idxalatına gömrük rüsumlarının tətbiq olunması başlanır.

Teqlər